BAKI, 16 sentyabr - Sputnik. Ermənistan-Azərbaycan sərhəddində döyüş toqquşmaları 8 saatdan az davam edib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Səmərqənddə keçirdiyi görüş zamanı deyib.
Əliyev Putinə Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinə görə təşəkkür edib.
"Döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur. Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib", - Azərbaycan Prezidenti deyib.
O qeyd edib ki, indi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir:
"Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa, edəcəyik".
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbi qulluqçusu şəhid olub.