Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Azərbaycan prezidenti: "Ermənistanın təxribatı normallaşma prosesinə böyük zərbədir"

Dövlət başçısı vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. "Ermənistanın təxribatı iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.
Dövlət başçısı vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb: "Azərbaycan bundan sonra da beynəlxalq hüquq, ədalət və qlobal təhlükəsizlik əsasında fəaliyyətini davam etdirəcək".
"Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" kimi regional kommunikasiya layihələrinin həyata keçirilməsinə mühüm töhfə verir. Bu gün Bakı dəniz limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona çatdırıla bilər", - Prezident vurğulayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 15-dən 16-dək Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində fəxri qonaq qismində iştirak etmək üçün Özbəkistanda səfərdədir.
Qeyd edək ki, 2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.