HADİSƏ

Çinin 200 metrlik göydələnində güclü yanğın baş verib - Video

Yanğın onlarla mərtəbəni bürüyüb.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Çinin cənubundakı Hunanın mərkəzi Çanşa şəhərində sentyabrın 16-da Çinin ən böyük provayderi olan "China Telecom" şirkətinin ofisinin yerləşdiyi 42 mərtəbəli binada güclü yanğın baş verib. Bu barədə "Channel NewsAsia" məlumat yayıb.
Nəşr əyalət yanğınsöndürmə idarəsinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, yanğın binanın çöl divarından başlayıb.
CCTV qeyd edir ki, artıq alov hündürlüyü 218 metr olan göydələnin bir neçə onlarla mərtəbəsini əhatə edib. Yanğınsöndürənlər yanğını lokallaşdıra biliblər, hazırda alov söndürülüb.
Hunan əyalətinin yanğınsöndürmə idarəsindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsində 36 yanğınsöndürən maşın və 280-ə yaxın mütəxəssis iştirak edib.
Yanan göydələn 2000-ci ildə inşa edilib və bu, Çanqşada 200 metrdən çox hündürlüyə malik olan ilk bina olub.