BAKI, 15 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib:
"Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
Xatırladaq ki, şəhid gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dünən jurnalistlərə və blogerlərə verdiyi açıqlamada onlardan rüşvət alındığını bildirib. O deyib ki, qardaşı Səbuhi Əhmədovun "Komando" xüsusi briqadasına götürülməsi 6000 manat rüşvət istəmişdilər. Səbuhi də bankdan kredit götürüb tələb olunan məbləği ödəyib ki, "Komando" olsun. Gizir 3 gündən sonra şəhid olub.
Qeyd edək ki, Səbuhi və qardaşı Sənan Əhmədov azyaşlı olarkən ata-anaları vəfat edib. Onlar "SOS" uşaq evində böyüyblər.