BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini cənab Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurma və hazırkı vəziyyət müzakirə edilib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusunun 71 hərbi qulluqçusu şəhid olub.