TƏHSİL

Təhsil rəqəmlərdə

Cari ilin sonuna kimi Elm və Təhsil Nazirliyi tərəfindən 61 məktəbin tikilməsi planlaşdırılır, həmin məktəblərdən 30-u modul tiplidir.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. 2022-2023-cü tədris ilində respublikamızın məktəblərində ümumilikdə 1 milyon 616 min 214 şagird təhsil alacaq. Bu il respublikada məktəblərin I sinfində 158 min 297, IX sinfində 147 min 29 , XI sinfində isə 100 min 455 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Bakı Şəhəri üzrə rəqəmlərə gəldikdə isə Bakı Şəhəri Baş Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb və 340 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 min 739 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 min 299 tərbiyəçi-müəllim çalışacaq. Bu il ümumi təhsil müəssisələri üzrə 484 min 731 şagird təhsil alacaq.
BŞTİ-nin tabeliyindəki məktəblərin I sinfində 46 min 200, IX sinfində 37 min 987, X sinfində 26 min 898, XI sinfində 25 min 551, XII sinfində 168 şagirdin təhsil alacağı proqnozlaşdırılır. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 35 min 722 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 min 320 beşyaşlının cəlb olunacağı gözlənilir.
Məktəbəqədər təhsildə vəziyyət necədir?
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi ilə həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 2022-2023-cü tədris ilində 694 mərkəzdə 840 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək. Layihəyə 782 tərbiyəçi-müəllim cəlb olunub.
Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.
Peşə təhsili müəssisələrində vəziyyət necədir?
2018-ci ildə qəbul olunan “Peşə təhsili haqqında” Qanun müvafiq sahədə 3 səviyyəni – ilk peşə, texniki peşə və yüksək peşə təhsilini müəyyənləşdirib. 2022-2023-cü tədris ili üzrə 124 peşə təmayüllü sinif fəaliyyət göstərəcək. Bu siniflər paytaxt və bölgələri əhatə etməklə 80 məktəbdə yer alır. Cari ildə ümumilikdə layihə 35 nəfər X sinif, 89 nəfər XI sinif şagirdini əhatə edir.
Təmir və tikinti ilə bağlı 20 ilə dair statistika və cari lin sonunadək olan proqnoza nəzər salaq:
Son 20 ildə ölkəmizdə 3600 yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Cari ilin sonuna kimi Elm və Təhsil Nazirliyi tərəfindən 61 məktəbin tikilməsi planlaşdırılır. Həmin məktəblərdən 30-u modul tiplidir.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
Ötən tədris ilində hansı işlər görülüb?
2021-2022-ci tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə Bakıda 7, regionlar­­da 48 məktəb və məktəbdənkənar təhsil müəssisəsində təmir-tikinti işləri aparılıb.
Belə ki, 2021-ci ilin sonunda 69 təhsil müəssisəsi, o cümlədən 37 məktəb, 1 peşə liseyi və 31 modul tipli məktəb təhvil verilib ki, onlardan 29-u yeni tikilib, 8-i əsaslı təmir olunmuş məktəb olub.
Xaricdə təhsil
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ikili diplom proqramlarının həyata keçirilməsinə geniş imkanlar yaradıb. Prezident İlham Əliyevin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Proqram çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin azı 80 faizi magistratura pilləsini əhatə edəcək.
Diplom
Qəhrəmanlar hər zaman yad edilir
2020-2021-ci il tədris ili məktəb həyatında xüsusi iz qoyub. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı 10 şagird həlak olub, 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.
Məktəb infrastrukturuna ciddi ziyan dəyib – 60 məktəb binası dağıntılara məruz qaldı. Cəbhə xəttindən xeyli uzaqda yerləşən mülki obyektlərin raket atəşinə tutulması tədrisin davam etdirilməsinə mane olub. Həmin dövrdə düşmənin mülki əhaliyə hücumları nəzərə alınaraq ölkə ərazisində 1221 məktəbin fəaliyyəti dayandırılıb.
Hazırda işğaldan azad olunan ərazilərdə müasir standartlara cavab verən təhsil infrastrukturu qurulur. 2021-ci il avqustun 4-də Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulan təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, müvafiq istiqamət üzrə ilkin olaraq 7 milyon manat ayrılıb. Ölkə başçısının “Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 4 oktyabr tarixli Sərəncamına əsasən, müvafiq sahə üçün ilkin olaraq 500 min manat ayrılıb.
Azərbaycan Prezidentinin “Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında” 2022-ci il 20 may tarixli Sərəncamına əsasən ilkin olaraq bir milyon manat, “Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” 2022-ci il 20 may tarixli Sərəncamına əsasən ilkin olaraq bir milyon manat ayrılıb.
Prezident həmçinin sentyabrın 7-də “Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” və “Kəlbəcər şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalayıb.
Qeyd edək ki, bu yaxınlarda Prezident İlham Əliyev Saray qəsəbəsində yeni inşa edilən 2 saylı, Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı, Suraxanı rayonunda yeni inşa edilən 87 saylı və paytaxtın Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli məktəblərdə yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində yaradılan şəraitlə tanış olub
Bundan başqa, bu yaxınlarda Goranboy rayonunda M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəb və F.Rüstəmov adına Tap kənd tam orta məktəb üçün yeni tikilmiş tədris binaları, Qobustan rayonunda Əbülfəz İbrahimov adına Nabur kənd və Əlvan Nəbiyev adına Təklə Mirzəbaba kənd tam orta məktəbləri üçün yeni tikilmiş tədris binaları açılıb.
Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.
Təhsil sahəsində görülən digər işlərə nəzər yetirək:
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yaradılıb. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edilib. Həmçinin Fərmana əsasən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.
2022-ci ildə ilk dəfə təhsilverənlərin sertifikatlaşdırılması prosesi və məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu layihələri icra edilib. Təhsilverənlərin sertifikatlaşdırılması prosesində 10 min 944 müəllim iştirak edib və davamiyyət 97.2 faiz olub. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu prosesində isə 4549 namizəd iştirak edib ki, bu da 82,5 faiz davamiyyət deməkdir.
“Rəqəmsal bacarıqlar” layihəsi ilə bağlı vəziyyət necədir?
2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi ölkəmizin 48 şəhər və rayonunu əhatə edəcək. Layihəyə 418 məktəbin II-XI siniflərində təhsil alan 300 min şagirdin cəlb olunacağı gözlənilir. Tədris prosesində 2 mindən çox müəllimin iştirakı nəzərdə tutulub. Layihə şagirdlərin proqramlaşdırma və alqoritmik biliklərinin artırılması ilə yanaşı, onların məqsədyönlü və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasında böyük əhəmiyyət daşıyır.
PAYTAXT XƏBƏRLƏRİ
BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 484731 şagird təhsil alacaq