BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 19-da Rusiya XİN-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə qapalı görüşdə iştirak edəcək. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Sentyabrın 19-da, təxminən, saat 12:00-da Smolenskaya meydanında, Rusiya Xarici İşlər Nazirliyində kifayət qədər qeyri-adi görüş olacaq. Bunu brifinq də adlandırmaq olar, Rusiya xarici işlər nazirinin diplomatik qurumların Moskvada akkreditə olunmuş rəhbərləri ilə görüşü də deyə bilərsiniz", - deyə o bildirib.
"Belə bir media planında xüsusi olaraq "brifinq" sözünə diqqət yetirməyə ehtiyac yoxdur. İclas qapalı olacaq. O, Rusiya Federasiyasının yanaşmaları barədə məlumatı səfirləri paytaxtımızda təmsil olunan ölkələrə çatdırmağa yönəlib", - deyə diplomat əlavə edib.