BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında Səmərqənddə keçirilən danışıqların gündəliyi ilə bağlı danışarkən bildirib.
"Biz liderlərin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcəklərinə ümid edirik", - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 15-16 sentyabr tarixlərində sammiti keçiriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Özbəkistanın Səmərqənd şəhərinə yola düşüb. Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi də müzakirə edəcəyi gözlənilir.
Vladimir Putin ŞƏT sammitində son üç il ərzində ilk dəfə olaraq şəxsən iştirak edəcək. Sentyabrın 15-i Vladimir Putinin bir sıra xarici ölkə başçıları ilə ikitərəfli və çoxşaxəli formatda görüşləri planlaşdırılıb.
O, Qırğızıstan, Türkmənistan, Özbəkistan, İran, Pakistan və Çin liderləri ilə görüşlər keçirəcək. Həmçinin bu gün Rusiya-Monqolustan-Çin üçtərəfli sammiti keçiriləcək.
Xatırladaq ki, İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olub. Bu barədə Anlaşma Memorandumu Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və təşkilatın baş katibi Canq Minq tərəfindən imzalanıb.
Sammitdə həmçinin Belarusun təşkilata üzvlüyünün qeydiyyatı prosesi başlayacaq və Misir, Qətər və Səudiyyə Ərəbistanı ilə dialoq üzrə tərəfdaşlıq memorandumları imzalanacaq. Səmərqənddə eləcə də Bəhreyn, Küveyt, Maldiv adaları, Myanma və Birləşmiş Ərəb Əmirliklərinə dialoq üzrə tərəfdaş statusunun verilməsi prosedurunun başlanması barədə qərar qəbul ediləcək.
ŞƏT-in baş katibi Çjan Min bildirib ki, çoxlu sayda ölkə ŞƏT-ə üzv, müşahidəçi və ya dialoq tərəfdaşı olmaq arzusunu ifadə edib. O, təşkilatın yeni üzvlərin qəbulu ilə "regional təhlükəsizliyin və sabitliyin qorunmasında, ŞƏT-ə üzv dövlətlərin ümumi maraqlarının dairəsinin genişləndirilməsində, eləcə də qlobal idarəetmənin sistemi ədalətli və ağlabatan istiqamətdə inkişafının təşviqində getdikcə daha mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Son üç ildə ilk dəfə əyani keçiriləcək budəfəki sammitdə ŞƏT-ə üzv dövlətlərin liderlərindən əlavə, üç müşahidəçi ölkə, Belarus, İran və Monqolustan, həmçinin üç ölkə Azərbaycan, Türkmənistan və Türkiyə dəvət olunub. Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilirdi, lakin çərşənbə günü axşam onun səfəri ləğv etdiyi məlum olub.
Onu da bildirək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.