BAKI, 15 sentyabr - Sputnik. Sentyabrın 15-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler arasında telefon danışığı olub. Bu barədə Müdafiə nazirliyi məlumat yayıb.
General-polkovnik K.Vəliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşması və Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri barədə həmkarını məlumatlandırıb.
Ordu generalı Y.Güler isə öz növbəsində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızla bağlı başsağlığı verib və yaralılara şəfa diləyib.
Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 71 hərbi qulluqçusu şəhid olub.