BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının 22-ci Zirvə Toplantısı çərçivəsində Səmərqənddə baş tutub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gedib.
Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında Səmərqənddə keçirilən danışıqların gündəliyi ilə bağlı danışarkən bildirib ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək.
Qeyd edək ki, 2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.