BAKI, 15 sentyabr — Sputnik. Ənənəyə uyğun olaraq sentyabrın 15-də Azərbaycan məktəblərində ilk zəng çalınıb. Bu tədris ilində Azərbaycanda "Bilik günü" ilə əlaqədar bütün təntənəli tədbirlər ləğv edilib. Buna səbəb sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının alınması zamanı 50 Azərbaycan hərbçisinin həlak olmasıdır.
"Sputnik Azərbaycan"ın fotomüxbiri 1-ci sinif şagirdlərinin emosiyalarını çəkmək üçün paytaxtın 20 nömrəli məktəbində olub. Ənənəvi olaraq təhsil ocağının həyəti gələcək şagirdlər və onların valideynləri ilə dolu idi. Uşaqların bəziləri birinci sinfə sevinclə gedib, bəziləri isə tanış olmayan mühitdən qorxub. Uşaqların üzündə həyəcan oxunurdu.
Təntənəli xəttdə Azərbaycanın himni səsləndirilib. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər oxuyublar. Uşaqlara ünvanlanmış xoş sözlər və arzular bildirildikdən sonra məktəbin həyətində ilk zəng çalınıb. Yuxarı sinif şagirdləri balaca dostlarını həyatlarının ilk dərsinə aparıblar. İlk dəfə parta arxasına oturduqları bu dərs balacaların yaddaşına əbədi həkk olunacaq.
Məktəblərdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub.
Bu tədris ilində Azərbaycanda 164 mindən çox uşaq birinci sinfə gedəcək. 4447 ümumtəhsil müəssisəsində təhsil alacaq məktəblilərin ümumi sayı 1 525 016 nəfərdir.