Uşaq evindən Fəxri Xiyabana - REPORTAJ
Bu gün SOS Uşaq Kəndində böyüyən şəhid Səbuhi Əhmıdov II Fəxri Xiyabanda dəfn olunub.
SputnikBAKI, 14 sentyabr — Sputnik. Bu gün Azərbaycan xalqı öz şəhidlərini son mənzilə yola salmaq üçün qürur yerimiz olan II Fəxri Xiyabana toplaşmışdı. Böyük insan izdihamı içərisində şəhidlərimiz dəfn olunurdular.
"Deyirdi şəhid olsam xalqım yas tutacaq mənə"
Uşaq evində böyümüş şəhid Səbuhi Əhmədovun arzusu çin olmuşdu. Hər kəs əlində qərənfil kimsəsiz şəhidimizin dəfninə çatmağa tələsirdi. Onlar arasında Səbuhinin məzunu olduğu kollecin pedoqoji heyyəti də vardı. Azərbaycan xalqının qürur yerinə çevrilən II Fəxri Xiyabana gedərkən yolda həmsöhbət oluruq şəhidimizin müəllimləri ilə...
"Bir sözü vardı-deyirdi adi ölüm istəmirəm. Onda kim ağlayacaq məni? Qəbrimin üstünə gələcək nə anam var, nə atam. Amma şəhid olsam el ağlayar məni".
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Səbuhi 2016-cı ildə kolecdən məzun olub. Müəlliməsi deyir ki, Səbuhi çox tərbiyəli, çalışqan tələbə kimi yadlarında qalıb:
"Səbuhi kimsə vəfat edəndə kövrəlirdi. Bir sözü vardı, "onu ağladılar, məni də ağlayan olacaqmı? Elə buna görə şəhid olmaq istəyirdi. Deyirdi şəhid olsam, xalqım yas tutacaq mənə. Dəfnimə el axışacaq".
Müəllimlərinin şəhidlə bağlı ürəkdağlayan xatirələri
Müəlliməsi Ülviyyə İbrahimovanın Səbuhi ilə bağlı xatirələri isə ürək dağlayır:
"Bir gün kollecdə hər kəsə tərcümeyi-halını yazmağı tapşırdım. Tələbələr öz tərcümeyi- hallarını yazıb gətirib verdilər. Səbuhinin isə qarşısındakı kağız boş idi. O heç nə yazmamışdı. Qarşısındakı kağızı əzib atdı. Soruşanda niyə belə edirsən, dedi ki, mənim yazacağım bir şeyim yoxdur. Mənin atam, anam yoxdur. SOS Uşaq kəndində böyümüşəm. Səbuhinin bu sözlərini bu günə qədər unumamışam".
"Bizim nə atamız var, nə anamız"
İki yaşında olarkən valideynlərini itirmiş, sonradan SOS Uşaq kəndində böyümüş, ana-ata qayğısından məhrum olan şəhidimiz Səbuhi Əhmədov da bu gün uğrunda canından keçdiyi torpağa tapşırıldı. Tabutuna bükülmüş üç rəngli bayraq isə bu dünyada yeganə doğması olan qardaşı Sənan Əhmədova verildi. Qardaşının uğrunda canından keçdiyi bağrağı köksünə sıxıb için-için ağlayan Sənan isə ana-atasından yeganə yadigarı olan qardaşının da onu tək qoyub getdiyini söylədi:
"Bizim nə atamız var, nə anamız. Onları vaxtsız itirmişik. İki qardaş uşaq evlərində böyümüşük. Bizim bir-birimizdən başqa heç kəsimiz yox idi. Biz kürəyimizi bir-birimizə dayamışdıq. Mən arxamı, dayağımı itirdim".
"Məni cəzalandırmasınlar deyə, günahı öz üzərinə götürürdü"
Sənan Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində bildirib ki, Səbuhi elə körpəlikdən fədakar olub. Onun uşaq evində etdiyi nadincliyi öz üzərinə götürürmüş ki, qardaşını danlayıb cəza verməsinlər. Sənan qardaşı ilə sonuncu dəfə ölümündən iki gün əvvəl danışıbmış:
"Mənə hər şeyin yaxşı olacaqğını, işləyib gəlib torpaq alıb ev tikəcəyini deyirdi. Mən ailəliyəm, o mənim ailəmə dəstək olurdu. Aldığı maaşından bizə göndərirdi ki, korluq çəkməyək. Ən son söhbətimizdə çox nikbin idi. Hər şeyin yaxşı olacağını söyləyirdi. Mənə ürək-dirək verirdi. Heç bilməzdim ki, bu onunla son danışığım olacaq. Bilməzdim ki, son dəfədir qardaşımın səsini eşidirəm. Bir sözü vardı ki, mənimlə fəxr edəcəksiniz. Dediyi kimi də oldu. Mən qardaşımla fəxr edirəm".
Sənan Əhmədov qardaşının onun doğum gününü heç vaxt belə təbrik etmədiyini söyləyərək ağlayır:
"Bu gün mənim doğum günümdür. Məni belə təbrik edəcəyini, ad günümə cənazəsinin gələcəyini ağlıma gətirməzdim. Qardaş-qardaşına belə ad günü "sürprizi" etməz".
"Ona 10 il analıq etdim, bir dəfə də incimədim"
SOS Uşaq Kəndində Səbuhiyə analıq etmiş Məlahət Qazıyeva da bun gün oğlunun məzarı başında idi. On il Səbuhi və Sənan qardaşlarına uşaq evində ana olmuş M.Qazıyeva Səbuhinin həyat dolu uşaq olduğunu söyləyir:
"Onu öz balam sayırdım. Məni heç incitməzdi. Nə bişirərdim, ondan yeyərdi. Yeməyin üstündən duranda şükr edərdi. Öz otağını səliqəli saxlayardı. Mənə də kömək edirdi. O qədər istedadlı, tərbiyəli uşaq idi ki, mən ona 10 il analıq etdim, bir dəfə də incimədim ondan. Səbuhi sanki doğulandan cənnət payı idi. Bu gün onun şəkillərinə baxmaqla təsəlli tapıram. Səbuhi üçün bu gün bütün analar ağlayır".
Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun qaynanası Aybəniz Ağalarova da Spunik Azərbaycan-a açıqlamaısnda onunla bağlı xatriələrdən danışıb:
"Səbuhi İkinci Qarabağ savaşında iştirak edib yaralanmışdı. Yaralı-yaralı gedib iştirak etdi yazıq balam. Səbuhi çox yaxşı oğlan idi. Ailə qurmaq istəyirdi, deyirdi ki, bu dəfə gələndə məni evləndirərsən. Ailə qurmaq, ev-eşik sahibi olmaq ən böyük arzularından idi. Amma balam burada özünə mənzil qurdu, şəhidlik zirvəsinə ucaldı. Hər bir valideyn istəyərdi ki, elə bir övladı olsun".
A.Ağalarova deyir ki, Səbuhinin valideynləri o körpə ikən dünyasını dəyişib:
"Yəqin ki, qohumlarından kimsə sağ olsaydı, onları uşaq evinə qoymazdılar".
Səbuhi ilə birgə uşaq evində böyüyən Günel Hüseynova da Sputnik Azərbaycan-a onunla bağlı xatirələrini bölüşüb:
"Səbuhi ilə birgə yemək yeyərdik, birgə gəzərdik. Arzuları var idi. Elə uşaq evində olanda deyirdi ki, böyüyüb hərbçi olacağam. Müharibədə yaralanandan sonra da danışmışdıq. Səbuhi deyirdi ki, sonadək vuruşacam... Xoşbəxt olmaq, ailə-övlad sahibi olmaq istəyirdi. Ev almaq, yeni həyat qurmaq üçün əlindən gələni edirdi. Amma aruzları yarımçıq qaldı".
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.