BAKI, 14 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşır. ABŞ nefti 87 dollardan, "Brent" nefti isə 93 dollardan aşağı düşüb.
Azərbaycan neftinin qiyməti 1,74 dollar və yaxud 1,78% azalaraq 95,86 dollar təşkil edib.
ABŞ-da daha sərt pul siyasətinin tələbata zərər verəcəyi ilə bağlı narahatlıqlar nefti ucuzlaşdırır.
Digər tərəfdən, ABŞ-da ehtiyatların əhəmiyyətli dərəcədə artması da nefti ucuzlaşdırıb. Ötən həftə ABŞ-da neftin kommersiya ehtiyatları 6 milyon barel artıb. Analitiklər isə ehtiyatların 200 min barel azalacağını gözləyirdilər.
Neft bu ayın əvvəlində yanvar ayından bəri ən aşağı həddə düşüb. Səbəb qlobal iqtisadi yavaşlama, daha sərt pul siyasəti və tələbatın aşağı olması narahatlıqlarıdır.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.