BAKI, 14 sentyabr - Sputnik. Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
"Bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.
Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcəkdir.
Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - məlumatda bildirilir.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.