SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Dövlətimizin başçısı Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirib.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Toivo Klaar sentyabrın 12-dən 13-nə keçə gecə dövlət sərhədində baş vermiş gərginliklə bağlı narahatlığını ifadə edib, bu xüsusda Avropa İttifaqı rəhbərliyinin Ermənistanın baş naziri və Azərbaycan Prezidenti ilə telefonla danışdığını diqqətə çatdırıb.
Dövlət başçısı bu genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədildiyini qeyd edərək, buna görə bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğulayıb.
Dövlət başçısı Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirib.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Müdafiə Nazirliyi məlumat yayıb ki, Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir. Əməliyyat şəraiti ordumuzun nəzarətindədir.