Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ceyhun Bayramov Filip Rikerlə görüşdü

Nazir Ceyhun Bayramov Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində sərhədboyu ərazilərdə baş verən toqquşmalar, son bir neçə ay ərzində Ermənistan tərəfinin destruktiv addımları barədə ətraflı məlumat verib.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Sentyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker arasında görüş keçirilib.
XİN-dən verilən xəbərə görə, görüş zamanı tərəflər bölgədə mövcud olan gərgin vəziyyəti və normallaşma prosesinə qayıtmaq üçün mümkün addımları müzakirə ediblər.
Ceyhun Bayramov Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində sərhədboyu ərazilərdə baş verən toqquşmalar, son bir neçə ay ərzində Ermənistan tərəfinin destruktiv addımları barədə ətraflı məlumat verib. Sentyabrın 13-də əldə edilmiş atəşkəsin bir neçə saat sonra Ermənistan tərəfindən pozulduğu və mövqelərimizin intensiv atəşə tutulduğunu bildirib.
Nazir Azərbaycanın bölgədə post-münaqişə dövründə yenidənqurma işləri həyata keçirdiyi və sülh təşəbbüsləri ilə çıxış etdiyini, bununla da vəziyyətin gərginləşməsində maraqlı olmadığını vurğulayıb.
Nazir Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirməsinin, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
İki ölkə sərhədində yaşanan gərginlikdən narahatlıq ifadə edən Filip Riker vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb. O, bütün fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin tərəfdarı olduqlarını və ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib.
Görüş zamanı, həmçinin normallaşma prosesinin müxtəlif aspektləri, bu istiqamətdə zəruri addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Bundan öncə Müdafiə Nazirliyi məlumat yayıb ki, Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur.
Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və digər ağır atəş vasitələrindən istifadə olunmaqla sərhədyanı ərazilərdə hücum və təxribatlar davam etdirilir.
Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Azərbaycan Ordusu tərəfindən yalnız legitim hərbi hədəf olan atəş nöqtələrinə qarşı lokal cavab tədbirləri həyata keçirilir.
Ermənistan tərəfi təxribatçı əməllərindən çəkinməli və atəşkəs haqqında əldə olunmuş razılaşmaya riayət etməlidir.