BAKI, 14 sentyabr — Sputnik. 2024-cü ilin sonunadək Azərbaycanda 100 faiz optik internet şəbəkəsi qurulacaq.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ilin sonunadək çəkiləcək fiber-optik internet şəbəkəsi 800 min nəfəri yüksək sürətli internetlə təmin edəcək.
"Azərbaycanda fiber-optik internet şəbəkəsi genişləndirilir. Biz son bir il ərzində Aztelekom, Baktelekom vasitəsilə fiber-optik şəbəkənin genişləndirilməsinə başlamışıq. Bu günə artıq 600 min əhalinin yaşadığı ərazidə optik internetin verilməsi imkanları mövcuddur. İlin sonuna bu rəqəm 800 minə çatdırılacaq və 2024-cü ilin sonunadək Azərbaycanda 100 faiz yüksək sürətli optik internet şəbəkəsi qurulacaq", - deyə nazir müavini bildirib.
Qeyd edək ki, fiber-optik şəbəkənin çəkilməsi insanların daha sürətli, daha keyfiyyətli və daha sərfəli internet xidmətlərindən istifadə etməsinə imkan yaradır. Çünki bu texnologiya məhdudiyyət tanımır.
Fiber-optik şəbəkə vasitəsilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir. Fiber-optik internetə qoşulma abunəçilərə məlumatı 100 Mbit/saniyəyə qədər sürətlə qəbul etmək və ötürmək (upload, download) imkanı verir. Fiber-optik şəbəkə vasitəsilə təmin olunan internetdə sürət itkisi də olmur. Məlumatın ötürülmə sürəti hava şəraiti və ya telefon xətti kimi amillərdən asılı olmur. Bu da yüksək keyfiyyətli xidmət göstərilməsini təmin edir.