BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.
Bildirilir ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.