BAKI, 13 sentyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!"
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.