BAKI, 13 sentyabr — Sputnik. Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir.
O qeyd edib ki, dispers toz hissəcikləri Nizami rayonunda 1.2, Səbail rayonunda 1.1 dəfə normadan yüksək qeydə alınıb: "Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti gün ərzində davam edəcək".
Qeyd edək ki, bir neçə gün öncə də avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunduğu bildirilmişdi. Dispers toz hissəcikləri Nizami rayonunda 1.5, Səbail rayonunda 1.6 dəfə normadan yüksək qeydə alınıb.