BAKI, 13 sentyabr — Sputnik. Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə mövqelərimizi mütəmadi olaraq atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, həmçinin azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin yubadılmasıdır.
Bu barədə sentyabrın 13-də Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinqdə bildirib.
Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelərin diqqətinə çatdırılıb ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir, sərhədlərin demarkasiya və delimitasiya işinin başlanması və hər iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bölgədə əmin-amanlığın bərqərar olunmasına maraqlıdır. Qarşı tərəf isə əksinə, ərazilərimizə, bölmələrimizin təminat yollarına minalar basdırmaqla bəyanata zidd davranışlar sərgiləyir. Bu da Ermənistanın hərbi avantüra və revanşist mövqedə olduğuna əyani sübutdur. (Report)