HƏRBİ

Qırmızı Bazar istiqamətində nə baş verir? Müdafiə Nazirliyindən açıqlama

Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumatın heç bir real əsası yoxdur.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
"Bu məlumatı qəti surətdə təkzib edirik", - MN-in xəbərində deyilir.
Xatırladaq ki, ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ötən gün Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə, Yuxarı Ayrım və Laçın rayonunun Sadınlar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri sentyabrın 10-u gündüz saatlarından 11-i səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Bölmələrimizin adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
HƏRBİ
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub