RUSİYA

Ərdoğan və Putinin Səmərqənd görüşündə nələr müzakirə olunacaq?

Türkiyə Prezidenti Ərdoğan rusiyalı həmkarına Türkiyənin davamlı atəşkəsə nail olmaq üçün əlindən gələni etməyə davam edəcəyi mesajını verəcək.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini növbəti dəfə Ukrayna lideri Volodimir Zelenski ilə görüşə dəvət edəcək. Bu barədə "Hürriyet" qəzeti yazıb. Türkiyə lideri bu təklifi Rusiya prezidenti ilə Səmərqənddə planlaşdırılan görüşdə səsləndirmək niyyətindədir.
"Ərdoğan və Putinin görüşündə ən mühüm mövzu Ukraynadakı vəziyyət olacaq. Ərdoğan rusiyalı həmkarına Türkiyənin davamlı atəşkəsə nail olmaq üçün əlindən gələni etməyə davam edəcəyi mesajını verəcək", - məqalədə deyilir.
Bundan əlavə, Türkiyə və Rusiya prezidentlərinin danışıqlarının əsas məqamlarından birinin "taxıl dəhlizi"nin fəaliyyət göstərməsi olacağı bildirilir.
"Putinin "Taxıl varlı ölkələrə gedir" bəyanatından sonra Ərdoğan Rusiya mallarının Türkiyənin koordinasiya etdiyi gəmilərlə dəhliz boyu göndərilməsini xahiş edəcək", – qəzetdə qeyd olunur.
Xatırladaq ki, Ərdoğan dəfələrlə Rusiya və Ukrayna prezidentləri arasında görüş keçirməyi təklif edib. Belə ki, bu il avqustun əvvəlində Türkiyə lideri Soçidə görüş zamanı Zelenski ilə Türkiyədə danışıqların təşkili təklifi ilə Putinə müraciət edib.
Rusiya Prezidenti Vladimir Putin cümə günü Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə deyib ki, Ukrayna limanlarından taxıl ixracı üçün müqavilə çərçivəsində bütün tədarüklərin yalnız 3%-i ehtiyacı olan ölkələrə çatdırılıb.
"Ukrayna limanlarından taxılla çıxan 87 gəmidən 32-si Türkiyədə qalıb. Düşünürəm ki, bu, tamamilə normaldır, çünki bütün bu prosesə ev sahibliyi edən Türkiyənin, şübhəsiz ki, buna haqqı var. Üçü Cənubi Afrikaya, üçü İsrailə, yeddisi Misirə, 30-u Avropa İttifaqına, ikisi isə BMT-nin ərzaq proqramları üçün ən yoxsul ölkələrə göndərilib. Bunlar Yəmən və Cibutidir. Bu, 60 min ton və ya cəmi 3% təşkil edir", - deyə Putin bildirib.
İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.