CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı, Tehran və Moskva INSTC-nin potensialını artırmaq niyyətindədir - İran XİN

İran, Azərbaycan və Rusiya bu dəhliz çərçivəsində Rəşt-Astara dəmir yolu xəttinin tikintisini sürətləndirmək barədə razılığa gəliblər.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. İran, Azərbaycan və Rusiya Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (INSTC) potensialını artırmaq üçün ortaq iradəyə malikdir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani brifinqdə deyib.
Kananinin fikrincə, INSTC aydın və yaxşı perspektivə malikdir.
O qeyd edib ki, İran, Azərbaycan və Rusiya bu dəhliz çərçivəsində Rəşt-Astara dəmir yolu xəttinin tikintisini sürətləndirmək barədə razılığa gəliblər.
Eyni zamanda İran Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, INSTC-nin dəmir yolu olmayan yeganə hissəsi Rəşt-Astara hissəsidir.
Xatırladaq ki, ötən həftə Rusiya, Azərbaycan və İran Bakıda Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına dair bəyannamə imzalayıblar.
Tərəflər dəhlizdən tam istifadə üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi və təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər. Bununla yanaşı, onlar 2030-cu ilədək üç ölkənin əraziləri ilə 30 milyon ton tranzit və ikitərəfli yük daşımalarının həyata keçirilməsi üzrə təklif olunan hədəfləri nəzərdən keçirməyə hazır olduqlarını bəyan ediblər.
Rusiya Baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, Rusiya tərəfi əsas vəzifələr sırasında INSTC-nin qərb marşrutunun vahid dəmir yolu şəbəkəsini yaratmaq üçün Rəşt-Astara dəmir yolu hissəsinin tikintisini həyata keçirməyi təklif edir ki, bu da yaxın gələcəkdə dəhliz üzrə yükdaşımaları 15 milyon tona çatdıracaq.
Rusiya Nəqliyyat Nazirliyi dəmir yollarının inkişafı və tikintisi, o cümlədən Rəşt-Astara qolunun tikintisi üçün 2030-cu ilə qədər İrana 1,5 milyard dollar ayırmağı planlaşdırır.
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC) Rusiya, İran və Hindistan arasında imzalanmış sazişə əsasən 2000-ci il sentyabrın 12-də yaradılıb. Sonrakı illərdə bu layihədə Azərbaycan da daxil olmaqla daha 10 ölkə iştirak edib. INSTC Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya malların daşınma müddətini azaltmaq üçün nəzərdə tutulub.