CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda "WhatsApp" vasitəsilə minlərlə insanı aldadan dələduzlar həbs ediliblər

Onlayn lotereya təşkil etməkdə təqsirli bilinən Aida Əliyeva və tanışı Pavlov Qennadiy saxlanılaraq Baş İdarəyə gətiriliblər.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Son aylar "WhatsApp" ani mesajlaşma mübadilə sistemində onlayn lotereyaların təşkil olunduğu, qoyulan pulun 5 qatının əldə ediləcəyi barədə şirnikləndirici vədlər verilərək orada iştirak edən şəxslərin aldadıldığı barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub.
DİN-dən verilən məlumata görə, bu işlə bağlı zərərçəkən şəxslərin, eləcə də onlayn lotoreya keçirmək adı altında insanları aldadan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində "WhatsApp" qrupları yaradaraq guya onlayn lotereya təşkil etməkdə təqsirli bilinən Aida Əliyeva və tanışı Pavlov Qennadiy saxlanılaraq Baş İdarəyə gətiriliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxslərin kişi və qadın istifadəçiləri üçün ayrı-ayrılıqda lotereya təşkil etdikləri 2 "WhatsApp" qrupu olub. Kişilərin qrupunda adminlik Pavlov Qennadiy, qadınların qrupunda isə Aida Əliyeva tərəfindən həyata keçirilib.
Hər iki qrupun isə birlikdə 1000-dən artıq üzvü olub. Saxlanılan şəxslər insanlarda inam yaratmaq məqsədi ilə hər gün qruplarda guya müxtəlif şəxslərə ödənişlər etdiklərini bildiriblər və bunun üçün saxta ödəniş qəbzləri hazırlayaraq paylaşıblar. Həmçinin Aida Əliyeva qrup üzvlərinə səsli mesajlar göndərərək bu işdə ona guya cəmiyyətdə xüsusi nüfuzu olan şəxslərin dəstək olduğunu və ödənilən pulların 5 qat qazanc formasında onlara geri qaytarılacağına vəd edib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Aida Əliyeva və Pavlov Qennadiy təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Sonda bir daha vətəndaşları onlayn platformalarda yayılan və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemləri təşkil edən şəxslərə, həmçinin lotereya adı altında şişirdilmiş qazanclar vəd edən "işbazlara" inanmamağa çağırırıq.