AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Prezidenti yeni kralı təbrik edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza məktub göndərib.
Məktubda deyilir:
"Əlahəzrət,
Böyük Britaniya və Şimali İrlandiyanın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
Xatırladaq ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. II Elizabet 21 aprel 1926-cı ildə Londonda anadan olub.
Mərhum kraliça 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub. Britaniya kralı III Karl oğlu Uilyamı Uels şahzadəsi elan edib.