CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan AYİB-lə iki sənəd imzalayıb

Nazir imzalanmadan əvvəl EBRD-nin prezidenti xanım Odil Reno-Basso ilə görüş keçirdiyini, görüşdə Bankla əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr apardığını qeyd edib.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında iki sənəd imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir imzalanmadan əvvəl AYİB-in prezidenti xanım Odil Reno-Basso ilə görüş keçirdiyini, görüşdə Bankla əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr apardığını bildirib.
"Bu gün imzalanan sənədlərə əsasən, AYİB-in Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan iriməbləğli kredit ayırması, "Gəncə-Yaşıl Şəhər Proqramı" çərçivəsində "Küçələrin işıqlandırılması" layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.
Bu, prezident Renaud-Bassonun 2020-ci ilin sonunda bu vəzifəyə başladıqdan sonra regiona ilk şəxsi səfəridir. Səfər 2021-ci ildə baş tutmalı idi, lakin COVID-19 pandemiyası səbəbindən qoyulan səyahət məhdudiyyətləri bu səfərin təxirə salınması ilə nəticələndi.
AYİB prezidenti yola düşməzdən əvvəl Azərbaycan, Gürcüstan və Ermənistandan olan müxtəlif vətəndaş cəmiyyəti nümayəndələri ilə virtual görüşlər keçirib.
Sentyabrın 7-də AYİB nümayəndələrinin iştirakı ilə Bakı Fond Birjasında (BFB) görüş keçirilib.
Görüşdə kapital bazarlarının infrastrukturu, ilkin və təkrar bazarlar üzrə perspektiv və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.