BAKI, 11 sentyabr — Sputnik. Teatr mövsümünün açılmasına saylı günlər qalıb. Bəs görəsən paytaxtımızda olan teatrlar mövsümə necə hazırlaşıb?
Ölkənin ən qədim teatrlarından olan Akademik Milli Dram Teatrı yeni mövsümə 23 sentyabrda "Zəfər yolu" tamaşası ilə başlayacaq. Eyni tamaşa 24 və 25 sentyabr tarixlərində də nümayiş olunacaq. Ay sonuna qədər isə 28 sentyabrda "Medeya", 30 sentyabrda "Ah bu uzun sevda yolu" tamaşaları təqdim olunacaq. Tamaşalar saat 19:00-da başlayacaq.
Uzun müddət təmirdən sonra yeni mövsümdə Gənc Tamaşaçılar Teatrı 44 günlük Zəfər savaşımızdan bəhs edən "Balaca kişilər", (Müəllif: İlqar Fəhmi, quruluşçu rejissor: Nicat Kazımov) "Kod adı V.X.A" (Müəllif və rejissor: Mehriban Ələkbərzadə), uşaqlar üçün R.Kiplinq "Mauqli" (Rejissor: Elşad Rəhimzadə) kimi yeni tamaşalarla sənətsevərlərin görüşünə gələcək. Mövsümü isə uşaqlar üçün "Şirinlər", böyüklər üçün "Qağayı" tamaşaları ilə açacaq. Yeni təmirdən çıxmış teatrın ilk tamaşası sentyabrın 24-də tutacaq.
Yeni teatr mövsümünün açılışında Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında sentyabrın 16-sı Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Qara paltarlı qadın gəlirdi" romanı əsasında qurulmuş tamaşa göstəriləcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, səhnə tərtibatçısı Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahovdur.
Akademik Musiqili Teatr isə mövsümünü Şuşada açacaq. Teatrdan verilən məlumatda bildirilib ki, sentyabrın 18-dən 24-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Hər il təşkil olunan ənənəvi festival çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da böyük uğurla iştirak edir.
Bu dəfə isə teatrın tarixində ilk olaraq mövsümün açılışı Şuşa şəhərində olacaq. Dahi Üzeyir Hacıbəylinin əsərləri bu dəfə "Şuşadan dünyaya yayılan musiqi" layihəsində gerçəkləşəcək.
Şuşada açıq səma altında dahi bəstəkarın "Arşın mal alan", "Ər və arvad", "O olmasın, bu olsun" musiqili komediyalarından parçaları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Naidə Orucova, Nərgiz Kərimova, Fərid Əliyev, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Şövqi Hüseynov, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva, Aydan Həsənova, Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və başqaları təqdim edəcəklər.
Qeyd edək ki, Musiqili Teatr beynəlxalq festival çərçivəsində sentyabrın 22-də Gəncədə "O olmasın, bu olsun" tamaşasını nümayiş etdirəcək.
Teatrın stasionarda çıxışları isə 24 sentyabrdan başlayacaq.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 114-cü mövsümünü Üzeyir Həcibəylinin "Leyli və Məcnun" operası ilə açacaq.
Azərbaycan Dövlət Pantomima Teatrı 24 sentyabr saat 18:00 da Bəxtiyar Xanızadə"Pantomima buketi" tamaşası ilə 30 cu teatr mövsümünü açır.
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA teatrı 28 sentyabrda tamaşaçıların qarşısına çıxacaq. Teatr Molyerin "Xəsis" komediyası əsasında "Xəsisin andı" adlı dramatik-komediyamız nümayiş etdirəcək.