BAKI, 11 sentyabr - Sputnik. İsrail İranın bütün Yaxın Şərqdə, xüsusən də Suriyada “terror bazaları” yaratmasının qarşısını almağa çalışır. Bunu İsrailin baş naziri Yair Lapid bildirib.
Onun sözlərinə görə, Təl-Əviv Tehranın Suriya ərazisində mövcudluğunu gücləndirməsinə imkan verməyəcək.
“İsrail Suriyanın terrorçu təşkilatlara silah ötürülməsi üçün əsas marşrut kimi istifadə edilməsinə və İran bazalarının və ya silahlı qrupların bazalarının bizim şimal sərhədimiz yaxınlığında yerləşdirilməsinə icazə verməyəcək. Eyni zamanda, İsrail İranın bütün Yaxın Şərqdə, xüsusən də Suriyada terrorçu bazalarının yerləşdirilməsinin qarşısını almağa çalışır”, - Lapid qeyd edib.
İsrailin baş naziri vurğulayıb ki, Təl-Əviv İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpasının qarşısını almağa çalışır.
KİV-lər ABŞ-ın İsraili İranın nüvə sazişinin yaxın gələcəkdə imzalanmayacağına inandırdığını yazmışdı.