BAKI, 11 sentyabr - Sputnik. “Şimal axını” ilə qaz nəqlinin dayandırılması qış ərəfəsində avropalıları şoka salıb. Bu barədə "The Wall Street Journal" yazır.
Nəşrin yazdığına görə, “Şimal axını” qaz kəməri ilə yanacaq təchizatının dayandırılması Avropa iqtisadiyyatına ciddi zərbə vurub. Bu səbəbdən Aİ ölkələri təcili olaraq enerji böhranı ilə mübarizə üçün yeni planlar hazırlamağa başlayıblar.
Nəşr qeyd edib ki, avronun məzənnəsi 20 ildə ilk dəfə olaraq dollardan aşağı paritetə düşüb və enerji qiymətləri dəfələrlə bahalaşıb.
Məqalə müəllifləri hesab edirlər ki, mövcud vəziyyət inflyasiyanın daha da artmasına təkan verir ki, bu da bir sıra ölkələrdə istehsalın tədricən dayanmasına gətirib çıxarır. Bundan əlavə, işsizlik səviyyəsi yüksəlir, avropalıların alıcılıq qabiliyyəti sürətlə aşağı düşür.
Sentyabrın 10-da Bloomberg, Goldman Sachs hesablamalarına istinadən, Şimal axını boru kəmərindən qazın ötürülüməsinin dayanması səbəbindən Almaniya istehsalının kəskin şəkildə 65% azalacağını bildirib.
Bundan əvvəl Almaniyanın “Handelsblatt” qəzeti qiymətlərin kəskin artmasının və enerji resurslarının qıtlığının Almaniyada ÜDM-in azalmasına, ölkədə iflas dalğasına və işsizliyə səbəb olacağını yazmışdı.