BAKI, 10 sentyabr — Sputnik. Bu günlərdə Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya səfər edib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, rusiyalı diplomat Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya gedib:
"Yaxın vaxtlarda Xovayev bu məqsədlə Yerevana səfər etməyi planlaşdırır".
Sentyabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Tərəflər Azərbaycanla Rusiya arasında ikitərəfli gündəlikdə duran məsələlər, regionda cari vəziyyət ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif cəhətləri və bu çərçivədə atılan addımlar, etimad quruculuğu tədbirləri sahəsində görülən işlər, habelə gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş baş tutub.
Prezident İlham Əliyev bildirib ki, Brüssel görüşündə bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşməsi üçün razılığa gəlinib.
Sputnik Azərbaycan Azərbaycan və Ermənistan arasında sülh prosesinin aktivləşdiyi dövrdə Rusiya XİN-in xüsusi nümayəndəsinin səfəri ilə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq Fərhad Məmmədovun fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev bildirib ki, Rusiya bölgədə gedən proseslərin episentrindədir:
"Bu baxımdan şimal qonşumuz cərəyan edən proseslərin kənarında qala bilməz. Rusiya Cənubi Qafqazda sülhün bərpa olunmasında öz vacib rolunu hər zaman qeyd edir. Bunun belə olması heç kimə sirr deyil".
Millət vəkili qeyd edib ki, Azərbaycan Rusiyanın vacib rolunu hər zaman bəyan etsə də, bəzi dairələr iki ölkə münasibətlərində problem yaratmaq üçün Rusiyanın sülh prosesindən təcrid olunması ilə bağlı fikir formalaşdırmağa çalışırlar:
"Ancaq bu, belə deyil. Biz Avropada keçirilən istənilən görüşdən sonra Rusiyanın mümkün imkanlardan istifadə edərək Ermənistan və Azərbaycanla cərəyan edən prosesləri dəyərləndirdiyini görürük. Təbii ki, Rusiya kimi bu regionun aparıcı qüvvəsi proseslərdən kənarda qalmaq istəməz".
Deputat onu da qeyd edib ki, Rusiya müharibənin dayandırılmasında iştirak edib:
"Buna görə də sülh prosesində iştirak etmək istəyir. Amma bu gün keçmiş münaqişə bölgəsində aradan qaldırılmalı olan problemlər var. Bu, Azərbaycanın üçtərəfli bəyanatların icrası ilə bağlı gözləntiləri və tələbləridir. Azərbaycanın Ermənistandan tələbləri bir neçə dəfə bəyan edilib. Rusiya XİN-in xüsusi nümayəndəsi Ermənistana anlatmalıdır ki, manipulyasiya etmədən real şəraiti nəzərə almaqla sülh prosesini sürətləndirsinlər".
Millət vəkili onu da vurğulayıb ki, Ermənistan yenə uzun illər davam edən işğalçı siyasətinin nəticəsi olaraq dalan siyasətinin əsirinə çevrilib:
"Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünün tanınmasını tələb edir. Bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılması isə rifah və inkişaf vəd edir. İndi ağılla seçim etmək Ermənistanın öz əlindədir. Ermənistan hakimiyyəti ya xalqına keçmiş xunta rejiminin uzun illər yaşatdığı acınacaqlı vəziyyəti rəva görəcək, ya da ki, praqmatik davranaraq sülh sazişinə qol çəkəcək. Başqa seçim yoxdur".
Politoloq Fərhad Məmmədov hesab edir ki, son Brüssel görüşündən sonra sülh müqaviləsi məsələsi aktuallaşıb:
"Halbuki sülh müqaviləsi ilə bağlı heç bir fikir irəli sürülmürdü. Azərbaycandan başqa kimsə bu haqda danışmırdı. İndi isə həm Avropa İttifaqı, həm ABŞ, həm də Rusiya bu məsələ ətrafında fəallıq nümayiş etdirir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bu prosesə kənar müdaxilələr arzuolunmazdır. Azərbaycan təklif etdiyi prinsiplər beynəlxalq hüquqa əsaslanıb. Digər tərəflərə isə vasitəçilik üçün müraciət edilməyib".
Fərhad Məmmədov
© Sputnik / Murad Orujov
Politoloq qeyd edib ki, bu prosesə töhfə vermək istəyənlər ola bilər, ancaq vasitəçi kimi onların bu prosesdə rolu yoxdur:
"Ermənistan Azərbaycanın təkliflərinə cavab verib. Bundan sonrakı proseslər də iki ölkə arasında davam etdirilməlidir. Son zamanlar qərb ölkələrinin bir sıra hərəkətləri Azərbaycan tərəfindən qəbuledilməz olsa da, bunu da onların siyasətinin tərkib hissəsi hesab edirik. Amma bu davranışlarla həm də onlar regionda maraqlarının həyata keçirilməsi imkanlarını məhdudlaşdırırlar".