NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

SOCAR Türkiyədə neft axtaracaq

Qardaş ölkənin Batman vilayəti ərazisində ümumilikdə 8 ədəd kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur və hazırda müqavilə üzrə avadanlıqların əməliyyat sahəsinə daşınır.
Sputnik
BAKI, 10 sentyabr — Sputnik. "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) tərəfindən Türkiyənin Batman vilayətində neft-qaz quyularının qazılması layihəsinin icrası məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti (KQİT) tenderin qalibi olub. Bu barədə SOCAR-dan məlumat verilib.
TPAO ilə KQİT arasında 1 il müddətinə xidmət müqaviləsi imzalanıb.
SOCAR
Layihə şərtlərinə əsasən, Batman vilayəti ərazisində 8 ədəd kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.
Hazırda müqavilə üzrə avadanlıqların əməliyyat sahəsinə daşınması prosesinə başlanılıb. Batman vilayətinə ezam olunmuş KQİT-nin nümayəndə heyəti burada vilayətin mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüş keçirib.
Görüşdə əməliyyat sahəsində işçilərin səmərəli fəaliyyəti üçün yaradılacaq əmək şəraiti, ekoloji və sosial məsələlər, habelə Türkiyə qanunvericiliyindən irəli gələn tələblər müzakirə edilib və potensial risklər qiymətləndirilib.
Türkiye Petrolleri Anonim Ortaklığ
Layihənin icrası ilə əlaqədar həmçinin, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə görüş keçirilib. Görüşdə SOCAR-ın Türkiyədəki uğurlu fəaliyyətinin qazma işlərində də davam edəcəyi bildirilib, KQİT və TPAO arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Qeyd edək ki, Kompleks Qazma İşləri Tresti Azərbaycan Prezidentinin 7 mart 2007-ci il tarixli Fərmanı ilə yaradılıb.
TPAO 1954-cü ildə Türkiyənin karbohidrogen kəşfiyyatı, qazma, hasilat, neftayırma və marketinq fəaliyyətlərində iştirak etmək üçün qurulub.
Bu gün TPAO sadəcə kəşfiyyat, qazma, quyuların tamamlanması və hasilatı sektorunda iştirak edən Türkiyənin milli neft şirkətidir.