BAKI, 10 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilən 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyev paytaxtın Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli məktəbin açılışında iştirak edib
Bildirilib ki, 1963-cü ildə inşa edilən təhsil ocağı 550 şagird yerlik olmaqla fəaliyyət göstərib. Ərazidə əhalinin sayının artması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikilməsi zərurətə çevrilib. Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nə əsasən bu məktəbin yenidən inşası da həyata keçirilib. Həmin proqram əsasında 2021-ci ilin yanvarında Saray qəsəbəsində 2000 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb. Ən müasir və dünya standartlarına uyğun tikilən məktəbin sahəsi 21 min kvadratmetrdir. Yenidən tikilən məktəbdə 70 sinif otağı, 6 laboratoriya, 5 informatika, çağırışaqədərki hərbi hazırlıq kabineti, musiqi, təsviri incəsənət, texnologiya otaqları, həmçinin kitabxana, akt və iki idman zalı, yeməkxana var. Ən müasir avadanlıqla təchiz olunan binada tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şərait yaradılıb. Təhsil ocağında məktəbəqədər iki kabinet də fəaliyyət göstərəcək. Ümumtəhsil müəssisəsində STEAM mərkəzi də qurulub.
Prezident İlham Əliyev Saray qəsəbəsində yeni inşa edilən 2 saylı məktəbdə yaradılan şəraitlə tanış olub
Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış olub.
STEAM mərkəzi elektron lövhə, kompüter, 3D printer, müvafiq öyrədici qurğular, elektron komponentlər, dəftərxana ləvazimatları ilə təmin olunub. Burada, həmçinin mühəndis emalatxanası, dron uçuş otağı, təlim, robototexnika otaqları var.
Saray qəsəbəsindəki 2 saylı tam orta məktəbin ən müasir standartlara cavab verən yeni binasının inşası bir daha təsdiqləyir ki, təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında da iştirak edib.
Prezident İlham Əliyev Saray qəsəbəsində yeni inşa edilən 2 saylı məktəbdə yaradılan şəraitlə tanış olub
Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə dövlət başçısına məlumat verib.
Qeyd edək ki, Binəqədi rayonu ərazisində yerləşən məktəblərdə şagird sıxlığı ilə əlaqədar yeni ümumi təhsil müəssisəsinin tikintisinə zərurət yarandığından Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə əhali sıxlığı və məktəb tutumu nəzərə alınaraq bu məktəbin layihəsi hazırlanıb. Tikintisinə 2020-ci ilin noyabrında başlanılan 1600 şagird yerlik məktəbdə 63 sinif, 4 informatika otağı, 2 məktəbə qədər hazırlıq otağı, 5 STEAM otağı, 2 idman zalı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika kabineti, kimya və biologiya laboratoriyaları, kitabxana, 200 yerlik yeməkxana və 520 nəfərlik akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 17 min 254 kvadratmetrdir.
Prezident İlham Əliyev bu təhsil ocağının məktəbəhazırlıq qrupu, fizika kabineti, informatika otağı, kitabxana, idman zalı, kimya laboratoriyası, yeməkxana, çağırışa qədər hərbi hazırlıq otağında, STEAM otaqlarında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev paytaxtın Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli məktəbin açılışında iştirak edib
STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir.
Qeyd edək ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, yeni əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramı ilə davamlı şəkildə dəstək verir.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. Yeri gəlmişkən, 2022-2023-cü tədris ilində 70-ə yaxın məktəb binası tikiləcək və ya əsaslı təmir edilərək istifadəyə veriləcək. Bu məktəblərdən 30-u modul tiplidir.