BAKI, 9 sentyabr - Sputnik. Zəngəzur dəhlizi Xəzərin mövcud nəqliyyat şəbəkəsini möhkəmlətməyə və region, eləcə də bütün Xəzəryanı ölkələrin neft və neft məhsullarının daşınması üçün əlavə imkanların açılmasına yönəldilib. Azərtac xəbər verir ki, bu fikirləri Həştərxanda keçirilən Mediaforumda Azərbaycanın rus icması sədrinin müavini, jurnalist və politoloq Anastasiya Lavrina “İşgüzar jurnalistika və biznes-kommunikasiyalar” mövzusunda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Qarabağ regionunun logistika potensialından istifadə olunmaqla yeni layihələrin inkişafı, şübhəsiz, dəniz daşımalarına alternativ olan yeni güclü liman terminallarının yaradılması ilə nəticələnəcək.
"Müvafiq olaraq, bütün bu prosesləri işıqlandırmaq və KİV vasitəsilə dünya ictimaiyyətinə çatdırmaq çox mühümdür. Xəzəryanı dövlətlərin işgüzar jurnalistikası sahəsində informasiya mübadiləsi üçün platformanın yaradılmasına ehtiyac var", - deyə politoloq bildirib.
O, Azərbaycanda işgüzar jurnalistikanın inkişafına olan böyük maraq haqqında danışaraq vurğulayıb ki, işgüzar xarakterli informasiya ilə işləyən, regionda və onun hüdudlarından kənarda iqtisadi tərəqqidən danışan media və jurnalistlərin sayı durmadan artır.
Azərbaycanın bir çox ölkənin mühüm iqtisadi və enerji tərəfdaşı olduğunu vurğulayan A.Lavrina regionda baş verən cari hadisələr barədə geniş auditoriyanın məlumatlandırılmasının mühümlüyünə diqqət çəkib:
“2020-ci ilin payızında, Vətən müharibəsi nəticəsində Qarabağ münaqişəsi nizamlanıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Azərbaycan regionda yeni geosiyasi və iqtisadi gündəliyin qurulmasına başlayıb. Bütün bunlarla yanaşı, nəqliyyat-logistika infrastrukturunun inkişaf prosesi və Zəngəzur dəhlizinin işə salınması fəal şəkildə müzakirə olunur. Azərbaycanın təklif etdiyi yeni layihələr bütün ölkələrin marağındadır. Bu barədə Xəzəryanı respublikaların başçıları da dəfələrlə bəyan ediblər”.
Azərbaycanın mühüm strateji beynəlxalq logistika mərkəzi kimi rolunu vurğulayan A.Lavrina deyib:
“Bu mərhələdə Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üzrə tərəfdaşlarla fəal əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan həm məsafə, həm də zaman baxımından Çin və Avropa arasında ən qısa bağlayıcı halqa hesab olunan “Şərq-Qərb” Transxəzər dəhlizinin inkişafı üzərində tərəfdaş ölkələrlə fəal əməkdaşlıq edir. Zəngəzur dəhlizi “Şimal-Cənub” layihəsinin qərb istiqamətində mükəmməl dəmir yolu xətlərinin işə salınması üçün real perspektivlər açır”.
Azərbaycanlı jurnalist çıxışının sonunda Xəzəryanı dövlətlərin işgüzar jurnalistikası sahəsində informasiya mübadiləsi üçün platformanın yaradılmasını təklif edib.