RUSİYA

Rusiya XİN: Şimali Koreya nüvə sınaqlarına de-fakto moratoriumunu saxlayır

Rusiya XİN-in rəsmisi bildirib ki, Koreya yarımadasında istənilən hərbi fəaliyyət diqqətlə izlənilir.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Rusiya onunla həmsərhəd olan Koreya yarımadasında istənilən hərbi fəaliyyəti diqqətlə izləyir. KXDR nüvə sınaqlarına dair de-fakto moratoriuma əməl etməkdə davam edir, Pxenyanın əleyhdarları isə eskalasiyaya başlayıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin Birinci Asiya Departamentinin direktoru Georgi Zinovyev bildirib.
"Biz Rusiya ilə həmsərhəd Koreya yarımadasında istənilən hərbi fəaliyyəti diqqətlə izləyirik. Pxenyan 2018-ci ilin yanvarında elan edilmiş nüvə sınaqlarına dair birtərəfli moratoriuma faktiki olaraq əməl etməyə davam edir", - Zinovyev bildirib.
Onun sözlərinə görə, son aylarda Moskva Şimali Koreyanın raket sferasında göstərdiyi təmkinliliyi qeydə alıb.
"Pxenyanın rəqibləri, əksinə, gərginliyi artırmağa başlayıblar", - diplomat əlavə edib.
Sentyabrın 7-də KXDR-in Ali Xalq Məclisi "Nüvə silahı ilə bağlı siyasət" adlı fərman qəbul edib. Sənəddə nüvə silahının təyinatı, nüvə qüvvələrinin tərkibi, onlara komandanlıq və nəzarət, nüvə silahının tətbiqi ilə bağlı qərarların icrası, onlardan istifadə prinsipləri və şərtləri, səfərbərlik, təhlükəsiz saxlama və qorunması, kütləvi gücləndirilməsi və yenilənməsi ilə bağlı müddəlar təsbit olunub.