TƏHSİL

MİQ-dən keçən müəllimlər də sertifikasiyaya cəlb olunacaqlar

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, həmin müəllimlər öz işlədikləri rayonlarda imtahan verəcəklər.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. MİQ imtahanlarından keçmiş və 5 il təcrübəsi olan müəllimlər yaxın günlərdə sertifikatlaşdırmaya cəlb ediləcək.
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, həmin müəllimlər işlədikləri rayonlarda imtahan verəcək və imtahandan uğurla keçənlər maaşlarına əlavələr alacaqlar: "Bu, təxminən, 300-dən artıq şəxs deməkdir. Əminəm ki, həmin müəllimlərin 50 faizdən çoxu 51 baldan yüksək olacaq. Ümumilikdə sertifikatlaşmadan keçən müəllimlərin sayı artacaq".
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb.
Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, müəllimlərin 98%-i prosesdə iştirak edib. O bildirib ki, 78% müəllim ilk mərhələdə uğur qazanıb. Nazir söyləyib ki, 2367 (22 %) müəllimin təkmilləşdirilməsinə ehtiyac var: "5599 müəllim müsahibə mərhələsindən keçsə, 10% əlavə almağa başlayacaq.
27% müəllim isə 35% əlavə alacaq. 52 nəfər 0-10 arası bal toplayıb. 21-29 arası bal toplayan 1530 nəfər təkmilləşdirmə kurslarına cəlb edilməlidir. 25-29 yaşı olanlar təhsilverənlərin sertifikasiya imtahanlarında 100% uğur qazanıb. Onun sözlərinə görə, 60 yaş üzəri olanlardan isə 68%-i uğur əldə edib: "40-55 yaş arası olanlar bizi daha çox narahat edir. Çünki onlar hələ bir neçə il təhsil sistemində olacaqlar".
Məlumat üçün bildirək ki, 50 baldan yuxarı nəticə göstərənlərin əməkhaqlarına 35, keçid balını toplayanların əməkhaqlarına isə 10% əlavələr olacaq.
Xatırladaq ki, sertifikatlaşdırılmada 50 baldan yuxarı nəticə göstərənlərin əməkhaqlarına 35%, keçid balını toplayanların maaşına isə 10% əlavələr olacaq.