BAKI, 9 sentyabr — Sputnik. Azərbaycan Baş Prokurorluğu meşə yanğınları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Mətbuta Xidmətindən verilən məlumatda nələrin meşə yanğınına səbəb olduğu vurğulanıb: “Meşə yanğınlarını dayandıraq! Meşə ərazisinə atılan plastik və şüşə materialdan olan butulkalar yanğınlara səbəb ola bilər. Ehtiyatsızlıq səbəbindən baş verən yanğınlara görə şəxslər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Meşələr dünyanın ağ ciyəridir!”.
Qeyd edək ki, payız ağac əkini mövsümündə yanğına məruz qalmış ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə xüsusi proqram hazırlanır və əsas istiqamətlər müəyyənləşdirilir.
Proqramda bölgələr üzrə yanğına məruz qalmış sahələr təsnifatlandırılaraq bərpa işlərinin ümumi istiqaməti müəyyənləşdiriləcək və görüləcək işlər öz əksini tapacaq. Proqram çərçivəsində ilkin olaraq yanğına məruz qalan sahələrin təmizlənərək meşəbərpa üçün hazır vəziyyətə gətirilməsi, şumlama işlərinin aparılması, çalaların qazılması, mümkün olan yerlərdə suvarma arxlarının çəkilməsi, daha sonra hər bölgənin iqlim şəraitinə uyğun meşəcinsli ağacların əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub.
Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Sentyabrın 2-dən etibarən isə Oğuz, Qəbələ və İsmayıllı rayonlarında meşə yanğınları baş verib. Bir neçə gün öncə Zaqatala, Qəbələ və Oğuzda meşə yanğınları tamamilə söndürülüb.