SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: "Putinlə görüşü səbirsizliklə gözləyirəm"

Prezident Ərdoğan bildirib ki, görüş zamanı Putindən taxıl və ərzaq göndərməyə başlamasını xahiş etmək istəyir və Türkiyə də öz növbəsində onların Afrikanın yoxsul ölkələrinə çatdırılmasını təşkil edəcək.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda keçiriləcək görüşdə Rusiya Prezidenti Vladimir Putinlə Rusiyanın ərzaq məhsulları ilə bağlı məsələni müzakirə etmək niyyətində olduğunu açıqlayıb. Türkiyə lideri bunu NTV telekanalına müsahibəsində deyib.
"Səmərqənddə bizim cənab Putinlə görüşümüz baş tutacaq, düşünürəm ki, geniş və ətraflı müzakirələrimiz olacaq. Bu görüşdə biz əsasən taxıl dəhlizi məsələsini müzakirə edəcəyik", - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, görüş zamanı o, Putindən taxıl və ərzaq göndərməyə başlamasını xahiş etmək istəyir və Türkiyə də öz növbəsində onların Afrikanın yoxsul ölkələrinə çatdırılmasını təşkil edəcək.
"Mən onunla açıq şəkildə müzakirə etməyi səbirsizliklə gözləyirəm, çünki Afrikada çətin vəziyyətdə olan bir çox ölkə var və biz bu ölkələrlə əlaqə saxlamalı və bu məhsulları onlara ən qısa zamanda göndərməliyik", - Türkiyə prezidenti bildirib.
Bundan əvvəl Tayyib Ərdoğan Ukrayna taxılının Afrikanın yoxsul bölgələrinə deyil, inkişaf etmiş ölkələrə çatdırılması problemində Putinlə həmfikir olduğunu bildirmişdi. O, Türkiyənin Rusiyadan ərzaq tədarükünə başlamasının tərəfdarı olduğunu da vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumu-2022-də (ŞİF) çıxışı zamanı bildirmişdi ki, Qərb inkişaf etməkdə olan ölkələri aldadır və özünü "müstəmləkəçi" kimi aparır.
Rusiya prezidenti həmçinin qeyd edib ki, Qərb ölkələri Ukrayna böhranından yalnız öz maraqları üçün istifadə edir və Qərb elitaları, prinsipcə, "qızıl milyardlar ölkələri"ndən başqa heç kimə kömək etmək istəmirlər. Qərbin öz tərəfdaşlarına belə münasibətinə misal olaraq Putin "taxıl müqaviləsi"ni göstərib. O bildirib ki, bunun nəticəsində Ukrayna taxılı (razılaşmalara zidd olaraq) Afrika dövlətlərinə deyil, Aİ ölkələrinə ixrac edilir.