BAKI, 9 sentyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Fərmanla 2022-ci il iyunun 24-də Bakı şəhərində imzalanmış müvafiq sənəd təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Rusiya və Azərbaycan bayraqları, arxiv şəkli
© Sputnik / Murad Orujov
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərəcək.
Qeyd edək ki, 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb.
Bəyannamənin 34-cü bəndinə görə, tərəflər beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə əlaqədar məsələlərin geniş dairəsi üzrə iki ölkənin müvafiq strukturları və təşkilatları arasında sahəvi məsləhətləşmələrin keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın qurulmasına yardım edəcəklər.