HƏRBİ

Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xatırladaq ki, sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutmuşdu.
Şəxsi heyət və texnikamızda itki olmayıb.