BAKI, 9 sentyabr — Sputnik. Sentyabrın 8-də Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 39 ticarət müəssisəsi və 25 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 35 müəssisədə nöqsanlar müəyyən olunub. Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 31, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 14 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, "Ulu Gida Group" MMC-yə məxsus ümumi çəkisi 52 kq "Aly Yufka" əmtəə nişanlı xəmir məhsulu və 40.2 kq mayonez və ənginar məhsulu, "Fenix Trade" MMC-yə məxsus ümumi çəkisi 580 kq dəniz məhsulu və alkoqolsuz içkilər, "Pribaltika" MMC-yə məxsus ümumi çəkisi 1360 kq ət və süd məhsulları, "Merano-Baku" MMC-yə məxsus ümumi çəkisi 3630 kq müxtəlif növ qida məhsulları "Təhlükəli Tullantılar" MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.