BAKI, 9 sentyabr — Sputnik. Bu gündən Zəngilan rayonunun Ağalı kəndinə daha bir neçə ailənin köçürülməsinə başlanılır.
Rayonun "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq 13 ailə ikinci köç karvanı ilə yola salınacaq.
Qeyd edək ki, 12 ailədən ibarət birinci köç karvanı sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan şəhərciyi"ndən yola düşüb. İyulun 23-də isə Ağalı kəndinə 10 ailə köçürülmüşdü. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1 504 nəfər).
Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb.
Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.