CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident uşaq və yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasının açılışında olub

Dövlət başçısı sanatoriyanın fizioterapiya, rentgen otaqlarında, kliniki laboratoriyada, yeməkxanada, akt zalında, kitabxanada, palatalarda, sinif otaqlarında yaradılan şəraitlə tanış olub.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
Sanatoriyanın yeni binası Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən inşa olunub. Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 1914-cü ildən fəaliyyət göstərən professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası sağlamlığına qovuşmaq istəyən şəxslərin istifadəsi üçün tam hazır vəziyyətə gətirilib. Sanatoriya üçün 300 çarpayılıq beşmərtəbəli yeni bina inşa edilib. Sağlamlıq müəssisəsində müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar, şüa-diaqnostika, poliklinika, fizioterapiya şöbələri fəaliyyət göstərəcək. Sanatoriyaya uşaqlar 6 yaşa qədər və 7-17 yaş qrupları üzrə qəbul edilir.
Prezident İlham Əliyev Bakıda Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının açılışında iştirak edib
Sanatoriyada stasionar şəraitdə müalicə alan uşaqların 11 illik təhsili təşkil olunacaq və beləliklə, onların təhsillərində fasilələr yaranmayacaq.
Prezident İlham Əliyev sanatoriyanın fizioterapiya, rentgen otaqlarında, kliniki laboratoriyada, yeməkxanada, akt zalında, kitabxanada, palatalarda, sinif otaqlarında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Bakıda Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının açılışında iştirak edib
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, vərəm ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. Buna baxmayaraq, vərəm sağalan xəstəlikdir. ÜST-nin ekspertlərinin fikrincə, onun aşkarlanması, müalicəsi və sağalması üçün əhalinin məlumatlılığının artırılması, qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səylər birləşdirilməlidir. Son illər vərəmin diaqnostika və müalicəsində səmərəliliyin artırılması statistikaya da müsbət təsirini göstərib, həm yoluxma, həm də ölüm hallarında azalma müşahidə edilir.
Prezident İlham Əliyev Bakıda Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının açılışında iştirak edib
Azərbaycan vərəmlə mübarizə tədbirlərini ən yaxşı təşkil edilən ölkələrdən biridir. Ölkəmizdə də ictimai sağlamlığın əsas məsələlərindən olan vərəmlə mübarizədə dövlət proqramı və Milli Strategiya qəbul edilib, ixtisaslaşmış tibb müəssisələri tikilib, müasir yanaşma tətbiq olunub. Respublikamızda rəsmi qeydiyyata düşən vərəm xəstələrinin müayinəsi və müalicəsi tam dövlət hesabına həyata keçirilir.