BAKI, 8 sentyabr — Sputnik. Dünən kəskin ucuzlaşan neft qiymətləri bu gün cüzi bahalaşıb. Belə ki, "Brent" neftinin qiyməti 0,78% artaraq 88,69 dollar, "WTI" markalı neftin qiyməti 0,85% artaraq 82,64 dollar olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 4,11 dollar və ya 4,2% azalaraq 92,77 dollar təşkil edib.
Dünən neftə olan tələbin azalacağı ilə bağlı narahatlıqlar kəskin qiymət enməsinə səbəb olub.
Nyu-York Birjasında işləyən treyderlər, arxiv şəkli
© AP Photo / Craig Ruttle
Çində karantin tədbirləri, mərkəzi bankların inflyasiya ilə mübarizə aparmaq üçün monetar siyasətini sərtləşdirməsi və investorların tələb proqnozunu qiymətləndirməsi neft qiymətlərinə təsir göstərir.
Dünən fevralın 3-dən bəri ilk dəfə "Brent" neftinin qiyməti 89 dollardan aşağı düşüb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 dollardan götürülüb.