TƏHSİL

Azərbaycanda təhsil üçün ianələr edilməsinə imkan yaradılacaq

İanələri edən fiziki və hüquqi şəxslər açıq və ya anonim şəkildə qala bilər. 1000 manat və aşağı məbləğdə ianə edənlərə elektron sertifikat, 1000 manat və daha artıq məbləğdə ianə edənlərə isə TİF ofisinə dəvət olunmaqla kağız sertifikat təqdim edilə bilər.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Təhsilin İnkişafı Fondu ölkə ərazisində və ondan kənarda yaşayan fiziki və hüquqi şəxslərə Fondun saytından istifadə etməklə təhsil üçün ianələrin edilməsinə imkan yaradacaq.
Bunu elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O bildirib ki, ianələr aşağıdakı formada oluna bilər. Birincisi Təhsilin İnkişafı Fonduna, ikincisi hər hansı konkret tematik layihə üçün (məsələn, inklüziv təhsil, qızların təhsili, STEAM, infrastruktur və s.), üçüncüsü isə öz məktəbinə ianə etmək yolu ilə mümkündür.
Onun sözlərinə görə, ianələri edən fiziki və hüquqi şəxslər açıq və ya anonim şəkildə qala bilərlər. 1000 manat və aşağı məbləğdə ianə edənlərə elektron sertifikat, 1000 manat və daha artıq məbləğdə ianə edənlərə isə TİF ofisinə dəvət olunmaqla kağız sertifikat təqdim edilə bilər. Qeyri-maddi vəsaitlə ianə edən fiziki və ya hüquqi şəxslərə tərəfdaş sertifikatları təqdim edilə bilər.
Sədr gələcəkdə təhsil üçün ianələrin kütləvi hal alacağı, buna maraq artacağı təqdirdə, sahibkarlara müəyyən güzəştlərin edilməsi barədə müvafiq qurumlara müraciət oluna biləcəyini vurğulayıb. O bildirib ki, sahibkarların ianə edilməsinə təşviq olunmaları barədə müxtəlif ölkələrdə müxtəlif təcrübələr var: "Bəzi ölkələrdə ianə edən şirkətlərə vergi və ya digər güzəştlər olunur. Biz də bu təcrübəni öyrənirik. Gələcəkdə zərurət yaranarsa, bu istiqamətdə müvafiq qurumlara müraciət edəcəyik".