BAKI, 8 sentyabr — Sputnik. Azad edilmiş ərazilərdə də bağçaların inşası nəzərdə tutulub. Bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sentyabrın 15-də Zəngilan rayonunun Ağalı kəndindəki məktəbdə ilk zəng çalınacaq. Həmin kənddə kifayət qədər əhali məskunlaşıb, 61 uşaq məktəbə qeydiyyatdan keçib, 18 uşaq isə bağça yaşlıdır: "15 sentyabrda işğaldan azad olunan ərazilərimizdə 30 ilə yaxın müddətdən sonra ilk təhsil zəngi səslənəcək".
Şöbə müdiri qeyd edib ki, işğaldan azad olunmuş digər ərazilərdə də mərhələli şəkildə məktəbəqədər təhsil müəssisələrinin açılması planlaşdırılır.
Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). İndiyədək Ağalı kəndinə ümumilikdə 41 ailə köçürülüb.