BAKI, 8 sentyabr — Sputnik. ABŞ Dövlət Departamenti özünü separatçı "Dağlıq Qarabağın xarici işlər naziri" kimi təqdim edən David Babayanın Vaşinqtona səfərinə münasibət bildirib.
Dövlət Departamenti açıqlayıb ki, Babayanın səfəri ilə heç bir əlaqəsi yoxdur: "Birləşmiş Ştatlar özünü elan etmiş (tanınmamış) "Artsax respublikasını" tanımır. Dövlət Departamenti bu səfərin bir hissəsi deyil".
Babayanın təxribat niyyətli bu səfəri fonunda Dövlət Departamentindən daha bir açıqlama gəldi. Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker regiona səfər edəcək. Filip Riker həm də ABŞ-ın ATƏT-in Minsk qrupundakı yeni həmsədridir.
Bildirilib ki, Riker Ermənistan, Gürcüstan və Azərbaycana gedəcək və hər üç ölkədə regiondakı əsas məsələləri müzakirə etmək, həll edilməmiş məsələlərin həlli və gələcək regional əməkdaşlıq üçün tərəfdaşlara kömək etməklə bağlı yollar axtaracaq.
Azərbaycan tərəfinin Minsk qrupunun fəaliyyətinə münasibəti bir neçə dəfə bəyan edilib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bildirib ki, artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib: "Belə olduğu halda, artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq".
Sputnik Azərbaycan ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh üzrə danışıqların getdiyi bir məqamda bu addımlarının arxasında hansı niyyətlərin dayandığını araşdırıb.
Mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Fuad Çıraqov və millət vəkili Fazil Mustafa fikirlərini bölüşüb.
Politoloq Fuad Çıraqov bildirib ki, ABŞ rəsmisinin Azərbaycana səfərində onu həmsədr qismində deyil, Dövlət Departamentinin yüksək vəzifəli bir rəsmisi kimi qəbul edəcəklər: "Azərbaycan üçün Minsk qrupu məsələsi bağlanıb. Əgər ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında iştirak etmək istəyirsə, biz bunda problem görmürük. Ancaq Minsk qrupu, keçmiş münaqişə və ya hansısa status məsələsi bizim üçün artıq bağlanıb. Əminəm ki, Azərbaycan dövlət rəsmiləri tərəfindən də bu cür mövqe qoyulacaq".
Politoloq Dövlət Departamentinin Babayanın səfəri ilə bağlı açıqlamasını inandırıcı hesab etmir. O qeyd edir ki, ABŞ-a səfər etmək istəyən şəxsin keçdiyi proseslər və həmin şəxsin kimliyi üzərindən aparılan araşdırmalar göstərir ki, Dövlət Departamenti kimin səfər edəcəyini yaxşı bilir: "Bu şəxsə vizanın verilməsi Azərbaycanda suallar doğurur və qəbul edilməzdir. ABŞ tərəfi digər qondarma hesab etdiyi qurumların rəsmilərinə viza vermir, ancaq bu məsələdə tutduğu mövqe anlaşılan deyil".
Millət vəkili Fazil Mustafa isə deyib ki, ABŞ-ın və qeyri bir ölkənin regiona müdaxilə etmək istəyi nəyisə dəyişə bilməz: "Azərbaycan öz gücünü ortaya qoyaraq münaqişəni həll edib. İndi isə beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq yerdə qalan məsələlərin həllinə çalışır. Otuz ildir ki, istəyirlər bölgədə oyuncaq dövlət yaratsınlar. Ancaq indi bunun üçün heç bir şans qalmayıb. Uzun müddət Fransa da buna çalışdı. Nəsə əldə edə bildimi?! Ona görə də kimin nə istəməyi bizim üçün arxa planda qalıb".
Millət vəkili qeyd edib ki, Azərbaycan öz ərazisində terrorçu bir qruplaşmanın yaranmasının qarşısını alıb:
"İndi özümüzə aid olan quruculuq işlərini yerinə yetiririk. Biz ABŞ-ın və ya onun daxilindəki qrupların siyasətini dəyişə bilmərik. Onlar öz maraqlarına uyğun siyasət yürüdürlər, biz də öz iradəmizlə bu cür məkrli niyyətlərə qalib gəlirik. Biz əgər oturub onların bizə münasibətinin dəyişməsini gözləsəydik, gərək bir otuz ildə işğalın davam etməyinə tamaşa edərdik. Biz həmsədrlərin ziddinə gedib torpaqlarımızı azad etmişik. İndi onlar hansısa hoqqabazlıq edirsə, hansısa bir terrorçunu gətirib dövlət rəsmisi adı ilə sırıyacaqlarsa, buna da mövqeyimizi ortaya qoymalıyıq. Azərbaycan öz ərazi bütövlüyünü qorumağa çalışmalıdır və bunu edəcək".