PAYTAXT XƏBƏRLƏRİ

Yol polisi yağışdan sonrakı tıxacla bağlı: Təbii və başadüşüləndir

DYP bildirir ki, sürücülər belə havalarda sürət həddini aşağı salmalı, ara məsafəsini düzgün şəkildə gözləməli, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün ayıq-sayıqlığı artırmalıdırlar.
Sputnik
BAKI, 7 sentyabr - Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ötən gün yollarda qeydə alınan avtomobil sıxlığına münasibət bildirib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, yağışlı, çiskinli və dumalı hava şəraitində yollarda hərəkət sıxlığının yaranması təbii və başadüşüləndir.
“Bu cür hava şəraitində sürücülərdən "Yol hərəkəti haqqında" Qanunun 50-ci (Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi) maddəsinə uyğun olaraq sürət həddini aşağı salmağı, ara məsafəsini düzgün şəkildə gözləməyi, həmçinin, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün ayıq-sayıqlığı artırmaq tələb olunur” - deyə qurum rəsmisi əlavə edib.
Ötən gün yağan yağış Azərbaycan paytaxtında hərəkəti iflic edib. Bu gün sosial şəbəkə istifadəçiləri ötən gün yollarda yaranan tıxacla bağlı sərt fikirlər səsləndiriblər.