BAKI, 7 sentyabr — Sputnik. Siyasi partiyaların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilməyəcək.
Bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, siyasi partiyanın qərargahı Azərbaycan Respublikasında yerləşməlidir. Siyasi partiya fəaliyyətini Azərbaycan Respublikasının bütün ərazisində həyata keçirə bilər.
Siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ yoxdur.
Siyasi partiyalar öz hüquqlarından sui-istifadə etməməlidir.
Siyasi partiyaya üzv olmaq kişi və qadınlar üçün eyni şərtlərlə mümkün olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.
Siyasi partiyanın Nizamnaməsi həmin partiyanın fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.
Siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsi (bu Qanunla müəyyən edilmiş hərəkətlər istisna olmaqla), o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak qadağandır.
Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsi, o cümlədən qərarların qəbul edilməsi və ya sənədlərin imzalanması da qadağan edilir.
Xatırladaq ki, bu qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib.
"Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantı ilə bağlı ictimai dinləmə keçiriləcək.