BAKI, 7 sentyabr — Sputnik. Təhsilverənlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib ki, müəllimlərin 98%-i prosesdə iştirak edib.
O bildirib ki, 78% müəllim ilk mərhələdə uğur qazanıb.
Nazir söyləyib ki, 2367 (22 %) müəllimin təkmilləşdirilməsinə ehtiyac var: "5599 müəllim müsahibə mərhələsindən keçsə, 10% əlavə almağa başlayacaq. 27% müəllim isə 35% əlavə alacaq. 52 nəfər 0-10 arası bal toplayıb. 21-29 arası bal toplayan 1530 nəfər təkmilləşdirmə kurslarına cəlb edilməlidir".
Nazir əlavə edib ki, bəzi müəllimlər anbar sözünü "ambar" kimi yazır".
E.Əmrullayev bildirib ki, 25-29 yaşı olanlar təhsilverənlərin sertifikasiya imtahanlarında 100% uğur qazanıb. Onun sözlərinə görə, 60 yaş üzəri olanlardan isə 68%-i uğur əldə edib: "40-55 yaş arası olanlar bizi daha çox narahat edir. Çünki onlar hələ bir neçə il təhsil sistemində olacaqlar".
Qeyd edək ki, 50 baldan yuxarı nəticə göstərənlərin əmək haqlarına 35, keçid balını toplayanlar isə 10% əlavələr olacaq.
Xatırladaq ki, sertifikatlaşdırılmada 50 baldan yuxarı nəticə göstərənlərin əməkhaqlarına 35%, keçid balını toplayanların maaşına isə 10% əlavələr olacaq.